21 oktyabr, 2026

Azərbaycan Sənaye Sığorta Şirkətinin sponsorluğu ilə 50 brend mükafatlandırıldı

Azərbaycan Sənaye Sığorta Şirkətinin sponsorluğu ilə keçirilən 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsi başa çatıb. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələri təmsil edən və öz seqmentində möhkəm mövqeyi ilə seçilən 50 ticarət markası qalib elan olunaraq mükafatlandırılıb.

“Award Organizers Group” tərəfindən təşkil olunan müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) rəsmi dəstəyi ilə keçirilib. Azərbaycan Sənaye Sığorta Şirkəti ilə yanaşı, “Baku Container”, “Azerish” və “ERPGO” şirkətləri tədbirin sponsorları qismində çıxış ediblər.

Tədbirdə Azərbaycan Sənaye Sığorta Şirkətinin İdarə Heyətinin sədri şirkətin 30 illik fəaliyyəti, biznesin davamlılığının təmin olunmasında sığortanın rolu və əsas fəaliyyət göstəriciləri barədə təqdimatla çıxış edib.

Təqdimatda sığorta haqlarının dinamik artımı, həyata keçirilən iri sığorta ödənişləri və biznes subyektlərinin ehtiyaclarına uyğun təqdim olunan əsas sığorta həlləri barədə məlumat verilib. Çıxış zamanı sığortanın biznes fəaliyyətində risklərin idarə olunması, maliyyə sabitliyinin qorunması və gözlənilməz hadisələr zamanı fəaliyyətin fasiləsizliyinin təmin edilməsində mühüm rolu vurğulanıb.

Tədbirdə Azərbaycanla yanaşı, Xəzər, Qara dəniz və Baltik regionlarını təmsil edən şirkət və brendlərin rəhbərləri, müsabiqənin rəsmi tərəfdaşları və partnyorları iştirak ediblər.

Qeyd edək ki, 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində müxtəlif ölkələrdə keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri iştirak ediblər. Azərbaycan Sənaye Sığorta Şirkəti üçün bu platformada iştirak biznes nümayəndələri ilə əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.