Məxfilik siyasəti
Hörmətli İstifadəçi, bu veb saytdan istifadə edərkən və bu veb sayt vasitəsilə təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırki “Məxfilik Siyasəti”ndə qeyd edilən qaydada tənzimlənir.
“Məxfilik Siyasəti” bu veb saytda toplanan məlumatlara aiddir və fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinin “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən dəqiq bəyan edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq “Azərbaycan Sənaye Sığorta” ASC Sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Sizə aid fərdi məlumatların veb sayta daxil edilməsi qarşı tərəfin Siz olduğunu güman etməsi üçün əsasdır. Bu səbəbdən məlumatlarınızın təhlükəsizliyinə həssas yanaşmağınızı tövsiyə edirik. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etdikdə həmin məlumatlar “Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən “Məxfilik Siyasəti”nə uyğun olaraq işləniləcək.
1. Anlayışlar
- Veb sayt – https://www.aiic.az/
- Azərbaycan Sənaye Sığorta – “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti
- Fərdi məlumatlar – şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat
- Xüsusi kateqoriyalı fərdi məlumatlar – fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar
- Fərdi məlumatların toplanılması – şəxs barəsində fərdi məlumatların qanuna uyğun olaraq əldə edilməsi
- Fərdi məlumatların işlənilməsi – fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi)
- Fərdi məlumatların məhv edilməsi – informasiya sistemində fərdi məlumatların silinməsi, məzmununun sonradan bərpa edilməsi mümkün olmayan vəziyyətə salınması və ya fərdi məlumatlar olan maddi daşıyıcıların məhv edilməsi
2. Fərdi məlumatları qoruma öhdəliyi
Konfidensial fərdi məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün vacib amillərdən biridir. Bununla bağlı lazımi texniki və təşkilati tədbirlər görülmüşdür. Tərəfimizdən toplanılacaq və işləniləcək fərdi məlumatlar müvafiq qanunla qorunur.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən konfidensial fərdi məlumatlarınız yalnız qanunla müəyyən olunmuş hallar və ya Sizin yazılı razılığınız istisna olmaqla üçüncü şəxslərə verilmir.
Əgər Siz artıq Azərbaycan Sənaye Sığortanın müştərisisinizsə, sığortalı və ya sığortaolunan olaraq fərdi məlumatlarınızın qorunması “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təmin olunur.
3. Məlumat mənbələri
Sizinlə bağlı toplanılan məlumatlar Sizə ən uyğun və yüksək səviyyəli xidmət təqdim etməyimizə yönəlir. Bu məlumatlar aşağıdakı formalarda əldə edilir:
a. Sizin tərəfinizdən təqdim edilən məlumatlar
Veb saytdan istifadə edərək daxil etdiyiniz məlumatlar tərəfimizdən toplanılır. Bu məlumatlar tamamilə azad iradənizlə təqdim olunur. Düzgün və tam məlumatların daxil edilməsinə görə məsuliyyət Sizə məxsusdur. Yanlış və ya natamam məlumatlar sığorta məhsulunun etibarlılığına təsir edə bilər və belə hallarda Azərbaycan Sənaye Sığorta məsuliyyət daşımır.
b. Məlumatların avtomatik toplanması alətləri – Kukilər
Kukilər kompüteriniz, planşetiniz və ya mobil cihazınızda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda Sizin IP ünvanınız, brauzer növünüz, istifadə tarixi və s. kimi məlumatlar saxlanılır. Azərbaycan Sənaye Sığorta istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə kukilərdən istifadə edir. Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə, veb saytı tərk etməli və ya kuki parametrlərinizi dəyişməlisiniz.
c. Digər mənbələrdən əldə edilən məlumatlar
Sığorta xidmətlərinin təşkili və hadisələrin tənzimlənməsi məqsədilə dövlət orqanları, maliyyə bazarlarına nəzarət orqanı və İcbari Sığorta Bürosu kimi qurumlardan qanuna uyğun fərdi məlumatlar da toplanıla bilər.
4. Hansı məlumatlar toplanacaq?
Azərbaycan Sənaye Sığorta tərəfindən toplanılan məlumatlara ad, soyad, doğum tarixi, əlaqə vasitələri, şəxsiyyət məlumatları, sığorta növü üzrə məlumatlar və digər identifikasiya məlumatları daxil ola bilər.
5. Məlumatların işlənilməsi
Fərdi məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur:
- Sığorta münasibətlərinin tənzimlənməsi üçün;
- Bazar araşdırması, təhlil və məhsulların təkmilləşdirilməsi üçün;
- Tədbirlər, xidmətlər və yeniliklər barədə məlumat vermək üçün;
- Dələduzluğun və digər hüquq pozuntularının qarşısını almaq üçün;
- Qanuni öhdəliklərə riayət etmək üçün;
- Maliyyə bazarlarına nəzarət orqanının tələblərini icra etmək üçün.
Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatlar yalnız Sizin yazılı razılığınızla digər tərəflərə ötürülə bilər.
6. Məlumatları əldə edə bilən subyektlər
Azərbaycan Sənaye Sığorta fərdi məlumatlarınızı aşağıdakı tərəflərlə bölüşə bilər:
- Dövlət orqanları, texniki dəstək şirkətləri, sığorta agentləri, digər sığortaçılar, təkrarsığortaçılar, brokerlər və banklarla;
- “Azərbaycan Sənaye Sığorta” ilə əlaqəli təşkilatlarla (məlumat prosessorları kimi);
- Nəzarət orqanları ilə hüquqi öhdəliklərin yerinə yetirilməsi məqsədilə;
- Səhhətinizin qorunması üzrə sığorta xidmətləri çərçivəsində həkimlər və tibbi təminatçılarla.
Fərdi məlumatlar marketinq məqsədilə üçüncü şəxslərlə paylaşılmır.
7. Məlumatların saxlanılması və məhv edilməsi qaydaları
Məlumatlar xidmətlərdən istifadə etdiyiniz müddət ərzində və qanunvericiliyə uyğun olaraq tələb olunan dövrdə saxlanılır. Müddət bitdikdən sonra məlumatlar aşağıdakı üsullarla məhv edilir:
- Kağız daşıyıcının yandırılması və ya doğranması;
- Kimyəvi məhlullarla məhv edilməsi;
- Elektron daşıyıcının formatlanması və ya xüsusi proqramlarla silinməsi.
8. Digər veb saytlara keçid
Bu veb sayt vasitəsilə digər veb saytlara keçidlər ola bilər. Azərbaycan Sənaye Sığorta həmin saytlardakı məzmun və məxfilik siyasətinə görə məsuliyyət daşımır.
9. Digər istifadə şərtləri
Azərbaycan Sənaye Sığorta ASC istənilən zaman və əvvəlcədən xəbərdarlıq etmədən “Məxfilik Siyasəti”nə dəyişikliklər edə bilər. Siz veb saytdan istifadə etməklə bu dəyişiklikləri qəbul etmiş olursunuz.
Azərbaycan Sənaye Sığorta məlumatların mütəmadi yenilənməsinə çalışır, lakin onların doğruluğuna zəmanət vermir.
Azərbaycan Sənaye Sığorta öz qəsdi və ya kobud səhlənkarlığı istisna olmaqla, veb sayt istifadəsindən doğan hər hansı birbaşa və ya dolayı zərərlərə görə məsuliyyət daşımır.
“Fərdi məlumatlar haqqında” Qanuna əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. Etiraz yazılı və ya onlayn şəkildə təqdim oluna bilər.